Əgər kişi olsaydım... | Qadın baxışı

   Əgər kişi olsaydım...    | Qadın baxışı
  14 İyun 2024    Oxunub:1121
Rəfiqə Abdinova

Əgər kişi olsaydım, hislərimə sadiq qalardım. Özü də istisnasız. Bu dünyada gül olsaydım torpağıma, balıq olsaydım suyuma, insan olsaydım özümə, evimə, sevdiklərimə sadiq olardım. Bu fikirləri bir insan söyləyir, bu yazıda mən insan rolunda çıxış edirəm.
Deyəcəksiz, insandan başqa kim yazı yaza bilir ki?! Məncə, çiçəklərin, ağacların, heyvanların, əşyaların hamısının bir sözü var bu dünyada. Sadəcə insanlar onları nəql edir. Mən də yəqin dünyada kişi olaraq ömür sürsəydim, onların da sözünü hər yerə çatdırardım.

Daxilimdə mərd bir obraz yaradardım. Qarşısında dağ belə dursa, sarsılmayan bir ruha sahib olardım. Qəlbimdə sonsuz vətən sevgisi olardı, çünki vətən sevilmək üçün var. Cinsindən, irqindən, dinindən, dilindən asılı olmayaraq hər bir uşağın “vətənim” dediyi bir yer var. Bu sevgi zaman keçdikcə sarmaşığın divara dırmaşması kimi insanın cisminə yayılır. İstəsən də ayrıla bilmirsən.

Yəni düşünməliyik, davam etməliyik azadlığımızın bizi çağırdığı yerə qədər savaşmağa, çünki bir yerlərdə sevənin olduğu qədər, sevməyənin də ola bilər.
Əgər qadın olsaydım... | Kişi baxışı

İndi deyəcəksiz, bəs sən bir insan, bir kişi olaraq necə birisən? Açıq danışmaq gərəksə, mən özümə əla, bir-birinin ardınca gözəl sözlərlə tərif deməyəcəm. Özündən razılığın çoxu ziyandır, özgüvən və özünü yerə-göyə sığdırmamaq tamam fərqli anlayışlardır. Mən yetərincə özünə inanan bir kişiyəm. Amma dağları aşacaq qədər özümdən razı deyiləm, ona görə də hər şeyin çoxu ziyandır.

Bir sözlə, ətrafımda olan hadisələrə artıq bir kişi gözü ilə baxıram. Əvvəla çox yaxşı bir iş sahibiyəm. Mən yazıçıyam, hazırda sonuncu yazdığım romanımın imza gününə lap az qalıb. Daxilimdə həm həyəcan, həm sevinc, həm kədər, həm də qürur duyuram. Çox normaldır, bütün bu hislər insan ruhunu tamamlayır. Əsas məsələ o hislərini düzgün idarə etməkdir.

İndi işimdən əlavə başqa fəaliyyətimdən də danışmalıyam. Əlavə vaxtlarımda idmanla məşğul oluram, piano çalıram, sevdiyim kəslərlə vaxt keçirirəm. Bu dünya üçün xəyallarım var. Onun hər bir bucağını görmək, yəni səyahət etmək istəyirəm, amma bu səyahətdə yanımda bir fotoaparat olacaq, hər bir canlının - heyvandan tutmuş insana qədər hamısının ən təbii halında şəkillərini çəkəcəyəm. Çünki xatirələr insanı canlı tutur, şənləndirir. Fikirləşirəm, kişilər fərqli düşünür, yoxsa heç özünü yormağa ehtiyac yoxdur? Onsuz da hamımız insanıq da.

Məncə, düşüncələr cinsiyyətə görə yox, mənəviyyata görə dəyişir. Mən, mən, ah mən kişi olsaydım, dənizin sonsuzluğu qədər dürüst olardım, hansı ki, baxırsan bu dənizin sonu yoxdur, bəs mənim dürüstlüyümün sonu var? Əlbəttə, yox. Bu dürüstlükdə izah etməyə çalışdığım əsas məsələ qəlbimə və ağlıma yalan zənciri bağlamamağımdır. Çünki öz qəlbinə və ağlına yalan danışmış birinin, başqa heç kimsənin dürüstlüyünə ehtiyacı yoxdur. Ağlınızdan heç bir zaman çıxarmayın.

Bir kişi kimi gələcəkdə özümü valideyn olaraq görürəmsə, bacardığım qədər tam yerində bir valideyn olmağa çalışardım. Məsələ təkcə özünü tərbiyə edib, böyütmək deyil, həm də sənin nəyisə öyrətdiyin böyütdüyün, tərbiyə verdiyin insanlar olmalıdır. Ailəmə qarşı dürüst, sadiq, vəfalı, mərhəmətli olardım.

Sevgidə cəsur olardım, həyatımda olan bütün insanlar üçün. Cəsurluq bütün insanlar üçün vacib bir hisdir. İçimizdə yatan qorxağa təslim olmaq lazım deyil. İstənilən yerdə ürəyimdən keçən kimi davranardım. Burada nəzərdə tutduğum bəzən həm qadınlarımız, həm də kişilərimiz əslində onlara yaraşa biləcək duyğuları, hərəkətləri özlərinə yaraşdırmırlar.

Amma mən bu fikirləri yıxardım. Ağlamaq istəyəndə ağlayar, kişi adam bunu etməz deməzdim. Niyə də ağlamasın, göz yaşı bizə də məxsus deyilmi? Həm də qadınlar gülməz, yaraşmır deməzdim. Nə əlaqə? Qədərində gülüş gözəllikdir. Düşünürəm, indiki dövrümüzdə bu düşüncələr az da olsa, sıradan çıxır. Amma yenə də aramızda belə düşünənlər var. İçimizdə olmasa belə, artıq tükənmiş olsalar belə, oxuduğumuz əsərlərdə belə obrazların olduğunu görürük. Sizə də səslənirəm, ey bu obrazlar, siz də məni eşidin.

Kişi olsaydım, elə də qeyri-adilik etməzdim. Fikirləşirsən ki, əsas məsələ cinsiyyət deyil, önəmli olan, hər bir insanın daxilində, xaricində tək olması, özünəməxsus olmasıdır. Əgər olsaydım, elə danışdığım kimi bir kişi olardım. Dağın başında olsam belə, düşüncələrimi oradan ilhamlanaraq ifadə edərdim.

Sonda isə yenə deyirəm: bu dünyada bir qaya olun, amma yenə də cəsurluğunuzdan, mərhəmətinizdən, ruhunuzdan əl çəkməyin...

Özü tərəfindən tərk edilmiş bir ruhu dirçəltmək çox, lap çox zaman alır. Özümüzə sayğımızı və sevgimizi itirməmək diləyi ilə...


Teqlər:   Gender   Mövqe  





Xəbər lenti